Monday, March 31, 2014

“Gənclər kor-koranə həyat tərzi sürür”


Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Gənclərin maarifləndirilməsi” adlı layihənin icrasına başlanılıb. Lent.az-ın verdiyi məlumata görə, layihə Bakıda icra ediləcək. 1 ay ərzində icra olunacaq layihənin məqsədi gənclərin maarifləndirilməsi, onların adi bildiyi lakin, insan həyatı üçün risk daşıyan vərdişlərdən xəbərdar etməkdən ibarətdir. Layihə çərçivəsində “Maariflənmək xilasdır” başlıqlı təlimlər keçiriləcək və maarifləndirici bukletlər nəşr etdirilərək göstərilmiş rayonların ərazisində paylanacaqdır.
Layihənin ideya rəhbəri Saqif İsmayılovun sözlərinə görə, layihə bu gün Azərbaycanda gənclər arasında ən böyük problemlərdən biri olan, məlumatsızlıq, maariflənməyə maraq azlığını aradan qaldırmaq üçün həyata keçirilir. Aazərbaycanda məktəbi bitirmiş gənclər ya universitetə daxil olur, ya da əsgərliyə gedir. Universitetə daxil olanlar arasında 90% gənc kor-koranə həyat tərzi sürür. Çayxana, mənasız həyat və s. Bu mənasız həyatdan sonra da tələbə ancaq itirir, nəinki nəsə qazanır.
Bu gün Azərbaycanda çox mənasız və perspektiv olmayan gənclik formalaşır. Çərçivələri qırıb, nə isə bir işlə məşğul olmaq lazımdır. İnandırıcı deyil ki, gənclər daim kitab oxuyur, gündəlik mətbuatı izləyir. İnternetdən isə yalnız oyunlar oynamaq və tanışlıq üçün istifadə edirlər. Gənclər cəmiyyətin ən aktiv hissəsi olmalı və ölkədə baş verən bütün hadisələrə reaksiya verməlidirlər. Gənclər ən azı ayda bir dəfə teatra getsələr, bir neçə kitab alsalar, yəqin ki, çay evlərində oturub nərd oynamaqdan daha səmərəli vaxt keçirmiş olar. Üstəlik faydalı vərdişlərə yiyələnmək onları zərərli vərdişlərdən də uzaq saxlayar. Bunun üçün isə maariflənmək şərtdir. Qeyd edək ki, bu gün gənclər arasında hər sahədən maariflənməyə ehtiyac var. Bu tək layihələrin köməyi ilə deyil, böyüklərin, valideynlərin də köməyi ilə olmalıdır. Çünki, gənclər bizim gələcəyimizdir və vaxtında onları düzgün yola yönləndirmək lazımdır.

No comments:

Post a Comment